İçində olduğumuz ay hər il yad etdiyimiz Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etdiyi əlamətdar bir günün yaşandığı aydır.
Gəlin bir daha bu torpaqlar üçün vuruşan, şəhid olub qanı axıdılan o möhtəşəm ordunun əziz xatirəsini yad edək…
Tarixən bu torpaqlar öz strateji əhəmiyyəti və təbii sərvətləri səbəbilə bir çox yadelli təcavüzünə məruz qalmışdır. Lakin bu xalq öz varlığını qorumuş, yeri gəldikdə bir yumruğa dönərək düşmənə lazım olan cavabı vermişdir. Tarixin istənilən səhifəsini vərəqləsək, ana torpağımızın şəhid qanlarıyla sulandığına şahid olacağıq. Elə ona görə də bu torpaqlar bizim üçün müqəddəsdir, əzizdir.
İndi iyaxın keçmişə nəzər salaq. XX əsrin əvvəllərində Azərbaycan torpaqları qısa zaman ərzində baş verən bir sıra hadisələrə səhnə oldu. 1918-ci ilin mart soyqırımı kimi dəhşətli faciə yaşamış xalqımız 28 may İstiqlal Bəyannaməsi ilə ölmədiyini sübut etdi. Bu isə məntiqi sonluq kimi paytaxt Bakının işğaldan azad edilməsini tələb edirdi.
Tarixən Azərbaycan türkləri Anadoludakı türk qardaşlarına heç bir qarşılıq gözləmədən maddi-mənəvi dəstəklərini əsirgəməmişdilər. 1915-ci ildə Osmanlının Qurtuluş Savaşı üçün Bakıda minlərlə insan bir yerə yığışaraq öz imkanları nisbətində kimisi qızıl, kimisi pul, kimisi də ailələrinin zinət əşyalarını İstanbula göndərməyə can atmışdı. Hələ bir neçə il əvvəl Çanaqqala savaşında da Azərbaycanın igid oğulları Osmanlı əsgərləri ilə birlikdə döyüşmüş və qardaşlıq imtahanından alnıaçıq çıxmışdılar. İndiki vəziyyətdə isə Azərbaycan ağır günlər yaşayırdı. Qafqazdan gələn bu fəryad səsinə Anadolu türkləri cavab verməli idilər.
Mart qırğınları zamanı azərbaycanlıların qanına boyanmış şəhərdə “Daşnaksütyun”un 4 mindən artıq, Bakı Sovetinin 5 minə yaxın silahlı qoşunu vardı. Bütün bu qüvvənin silahı yerli əhaliyə qarşı çevrilərək silahsız azərbaycanlılara yönəlmişdir. Nəsib bəy Yusifbəyli mövcud qüvvələrlə yalnız Azərbaycanı deyil, bütün Zaqafqaziyanı işğal edən dəhşətli anarxiyanı qaydaya salmağın mümkün olmadığını, xarici qüvvənin, xüsusilə də Azərbaycana dost və qardaş olan Türkiyənin müdaxiləsindən savayı bir yol qalmadığını bildirdi. Daxili və xarici təhlükələrlə çarpışan Osmanlı hökuməti yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini – doğma ərazisinə və paytaxtına sahib çıxmağa çalışan bu gənc dövləti hərbi yolla dəstəklədi. O zaman Bakı rus-daşnak birləşmələrinin işğalı altında idi. Dinc xalqa divan tutulmuş, erməni birləşmələri tərəfindən qarətlər və soyğunlar son həddə çatmışdı. Fevral ayında Türkiyənin hərbiyyə naziri Ənvər Paşa bu zərurəti hiss edərək Qafqaz İslam Ordusu yaradılması təklifini irəli sürmüşdü. Özü çox ağır vəziyyətdə olan Türkiyə Azərbaycana yardım əlini uzatmaqla riskə gedərək beynəlxalq qüvvələrlə üz-üzə dayanmalı oldu. Hərbi qüvvənin rəhbərliyi Nuru Paşaya tapşırılmışdı. Aprel ayının birinci ongünlüyündə Təbrizdən keçərək Zəngəzur yolu ilə gələn Nuru Paşanın rəhbərliyi altında 30 nəfərlik hərbi heyət mayın 25-də Gəncəyə çatdı. Belə bir vaxtda Azərbaycana köməyə gələn türk ordusu bu sahədə köməyini əsirgəməmiş və Qafqaz İslam Ordusu qısa zaman kəsiyində torpaqların azad edilməsinə, Bakının işğaldan qurtulmasına nail olmuşdur.
Gəncə bu dövrdə azərbaycanlıların yeganə ümid yeri, dayağı idi. Əli silah tutan könüllülər Gəncəyə axışır, Müsəlman Korpusuna yazılırdılar. Hələ Milli Ordu təkmilləşməyə macal tapmamış bolşevik qüvvələri Gəncə şəhəri üzərinə hücuma başladı. Artıq sayı 18 minə çatdırılmış Qırmızı Ordunun 70 faizə qədərini ermənilər təşkil edirdilər. Amazaspın komandirlik etdiyi bolşevik-erməni qüvvələri ilə Müsəlman Korpusu arasında döyüş iyunun 16-da oldu. Cəmi 2 min nəfərdən ibarət olan milli qüvvələr yenə geri çəkilmək məcburiyyətində qaldılar. Yalnız iyunun 17-də mövqeyə çata bilən türk qoşunları ertəsi gün hücuma keçdilər. Azərbaycan-türk qoşunlarının 10-cu Qafqaz alayı ilk döyüşdə 200-dən artıq əsgərini itirdi. Bu itkidən sarsılan Nuru Paşa və Əliağa Şıxlinski dərhal Göyçaya gəldilər.
Qafqaz İslam Ordusu Azərbaycanın hərbi hissələri ilə birgə bolşeviklərin güclü hücumlarına qarşı 1918-ci il iyunun 29-da Göyçay-Qaraməryəm istiqamətində əks hücuma keçdi. İlk saatlardan bolşeviklər türk ordusunun zərbələrinə tab gətirə bilmirdi. Artıq iyulun 1-də Qaraməryəm azad edilmişdi, ertəsi gün isə Ağsu yaxınlığında döyüşlər gedirdi. Avetisyanın rəhbərlik etdiyi daşnak-bolşevik bandaları döyüş meydanında 800-ə qədər ölü və yaralı qoyaraq qaçmışdılar. Avqustun əvvəllərində isə Bakı ətrafında çox ağır döyüşlər başlandı. Düşmənlər mövqelərimizi 2 hərbi təyyarədən bombardman edir, Xəzər dənizindəki hərbi gəmilərdən artilleriya atəşinə tuturdular. Hər iki tərəf böyük itki verirdi. Şərq Ordular Qrupunun komandanı Xəlil Paşa Bakını düşməndən təmizləmək üçün Nuru Paşanın xahişi ilə Qarakilsədən Bakıya xeyli hərbi qüvvə göndərdi.
Nuru Paşa sentyabrın 13-də Bakıya hücum haqqında əmr imzaladı. Şəhərin azad olunmasında iştirak etmiş Rüşdü bəy yazırdı: “14-15 sentyabr gecəsi bütün cəbhə boyu makinalı tüfəng atəşi eşidilirdi. Biləcəri və Ermənikənd yaxınlığında bəzi yanğınlar baş vermişdi. 15 sentyabr 1918-ci ildə səhərin açılması ilə topçularımız atəşə başlamışdılar. Artıq saat 15 radələrində Bakı düşməndən azad edildi.”
Bu gün doğma Bakımızın asudə küçələri və Azərbaycan türkləri Qafqaz İslam Ordusun ogünkü tarixi zəfərini unutmur.
İRFAND JURNALI
İrfandergisi.com