UŞAQLARA VƏTƏN SEVGİSİNİ AŞILAMAQ

0

Uşaqlarımıza vətən sevgisini aşılamadan əvvəl “vətən”in nə olduğunu öyrətməmiz  lazımdır: Vətən bir insanın doğulub böyüdüyü, bir millətin hakim olaraq üzərində yaşadığı, lazım gələrsə, uğrunda canını verməkdən çəkinməyəcəyi müqəddəs torpaqdır.

Uşaqlara və ya gənclərə vətən sevgisindən bəhs edərkən Allah dostlarından Musa Topbaş əfəndinin bu sözü yadıma düşür: 

Sevgilərin ən gözəllərindən biri olan vətən sevgisi uşaqlarımıza doğru zamanda və doğru şəkildə verilməlidir. Üzərində doğulub böyüdüyümüz, uğruna minlərlə şəhid verdiyimiz ölkəmizə olan sədaqətimizi gələcəyin əmanətçilərinə yaşlarına uyğun şəkildə izah etmək lazımdır. Bunun üçün ölkə qəhrəmanları tanıdılmalı, tarixdə qazanılan qələbələr izah edilməli, mümkünsə muzeylər, şəhidlər xiyabanları gəzdirilməli, vətənsiz qalınması halında nələrlə qarşılaşılacağı uşaqlara başa salınaraq vətən sevgisi aşılanmalıdır.

Üstündə yaşadığımız və “cənnət vətən” deyə adlandırılan bu müqəddəs torpaqları canımızdan, qanımızdan daha çox sevir, malımızdan, övladlarımızdan daha əziz sayırıq. Bu mövzu ilə əlaqəli inancımızı və qərarımızı dost-düşmən hamı bilir. Məhz bu xüsusiyyətlərə görə vətən müdafiəsini imanın bir hissəsi olaraq bilən türk milləti vətən üçün tökülən qanı, vətənsiz nəfəs alan bir cana tərcih etmişdir. Ata-babalarımız canını, malını və iman dolu şəxsiyyəti ilə bütün varlığını hazırda yaşadığımız müqəddəs vətənimizə hədiyyə etmişdir.

Dinimiz vətən sevgisini imandan saymışdır. Çünki iman olmadan vətənin, vətən olmadan da varlığımızın heç bir məna və qiyməti yoxdur. Bu səbəblə bir insanın həyatda qarşılaşa biləcəyi ən böyük çətinlik vətənsiz qalmaqdır.

Üzərində yaşadığımız bu əziz torpaq yalnız xoşbəxt günlərimizin və rahat zamanlarımızın vətəni deyil! O, xoş və rahat günlərimizin olduğu qədər, çətin günlərimizin də vətənidir. Biz yalnız bu ölkənin nemətindən faydalanmaq üçün deyil, eyni zamanda yükünü çəkmək, hətta uğrunda canımızı fəda etmək üçün də yaşayırıq. Çünki bu ölkənin yalnız gündüzləri deyil, gecələri də bizimdir!..

Biz şəhidlərimizlə birlikdə yaşayan bir millətik. Birimiz hamımız üçün, hamımız birimiz üçün!.. Mən, sən, o deyil; yalnız “biz” var bizim üçün!.. Çünki bizlər Hz. Peyğəmbərimizin: “Allahın yardımı birlik üzərinədir hədisinin şüur və idrakı içindəyik.

      Gözü doymayan, başqa millətlərin torpaqlarına əl atmağa çalışan insanlar həmişə mövcud olacaqdır. Ona görə də vətənimizi düşmən arzularına təslim etməmək üçün həmişə hazır olmalıyıq. Atalarımız gözəl deyib: “Su yatar, düşmən yatmaz!”, “Düşmən qarışqa da olsa, kiçik hesab etmə!”

Əcdadımız bizlər üçün seçdiyi ən gözəl və bərəkətli torpaqların düşmənin kirli ayaqlarının tapdağında qalmasına icazə verməmiş, bunun üçün lazım gəldiyi zaman vuruşmuş, lazım gəldikdə sidq ürəkdən mallarını və canlarını fəda etməyi bacarmışdır. Böyük türk şairi M.Akif Ersoyun ifadə etdiyi kimi:

Basdığın yerləri torpaq deyərək keçmə, tanı,

Düşün altındakı minlərlə kəfənsiz yatanı!

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Bir müsəlmanın yaşadığı evinə və ya malına təcavüz və qəsb olduğu zaman onu qorumaq və özünü müdafiə etmək dinimizin əmridir. Əgər bu yolda ölərsə, o da şəhid sayılır. Vətən isə hər kəsin, o ölkədə yaşayan hər bir insanın ortaq evidir. Onu qorumaq – mühafizə və müdafiə etmək isə hər birimizin ortaq vəzifəsidir.

Bir insanın vətənini sevməsi onun dinini, dilini, əxlaqını və tarixini sevməsi deməkdir. Millətin dini, dili, əxlaq və tarixinin hamısına birlikdə: millətin mədəniyyəti adı verilir. Bir millət üçün vətən yalnız üzərində yaşadığı düzənlik, dağ, meşə və axar sulardan ibarət deyildir. Mədəniyyətimizdə vətənin xüsusi bir yeri və mənası vardır. Belə ki, vətən namus, şərəf, qeyrət və azadlığımızın başqa bir adıdır. Vətən itiriləndə dini və əxlaqi bütün müqəddəs dəyərlərimiz onunla birlikdə itir. Vətəninə sahib çıxmayan millət nə dininə, nə də dilinə sahib çıxa bilmişdir.

Babalarımızın bizlərə əziz əmanəti olan bu vətəni ən yaxşı şəkildə qorumalı və bizdən sonrakı nəsillərə tərtəmiz şəkildə çatdırmalı, bu müqəddəs əmanəti dəyərini mənimsədərək sonrakı nəsillərə ötürməliyik. Yenə şairin dili ilə desək:

Sahibsiz olan məmləkətin batması haqdır,

Sən sahib olarsan, bu vətən batmayacaqdır!

Saleh ŞİRİNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANA DİLDƏ NAMAZ QILMAQ OLARMI?

Sual: Ana dildə namaz qılmaq olarmı? Cavab: Bütün ilahi kitablar insanlara Allahın buyruqlarını çatdıran peyğəmbərlərin danışdıqları dildə nazil edilmişdir. Hz.Peyğəmbərimiz Muhamməd (s.ə.s)...

Bağla