Bu bir həqiqətdir ki, inanma ehtiyacı uşağın əsas psixoloji ehtiyaclarından biridir. Uşaqlar zamanla özlərini dini hazırlıq və axtarış içərisində tapır. Başlanğıcda onun bu axtarış mərhələsində şüurlu bir vəziyyət hökm sürmür. Şüurlu inanma mərhələsi daha sonrakı dövrlərdə formalaşır.
Uşaq Allaha inanmağa və dini qəbul etməyə hazır bir varlıq olduğu üçün dini mövzularda söhbətlərə və eşitdiklərinə etiraz etmədən inanmağa meyillidir. Çünki rahat inanma və bağlanma hadisəsi uşağın spesifik xüsusiyyətlərindən hesab olunur. Təbii ki, bu inanma hadisəsində valideynlərin də rolu çox böyükdür.
Ümumi mənada qeyd edə bilərik ki, inanma ehtiyacı, uşaqda spontan olaraq meyadan gəlir və davranışları ona görə şəkillənməyə başlayır. Uşaq özünü güvən və təhlükəsizlik içərisində hiss etməsi üçün bağlanma, güvənmə və sığınma ehtiyacı hiss edir. Bu da hər şeyin üstündə olan və hər şeyə gücü çatan bir varlıqdır.
İnkişaf mərhələlərinə görə uşaqların göstərdikləri dini inkişaf xüsusiyyətlərini bu şəkildə ifadə etmək mümkündür:
Körpəlik mərhələsində (0-2), dini inkişaf xüsusiyyəti olaraq sadəcə anadangəlmə yəni fitri bir din duyğusundan bəhs edilə bilər. Din duyğusu da sevgi, bağlanma kimi təməl duyğular üzərindən yüksələn və bir yaradıcıya çatma istəyi daşıyan universal bir duyğudur. Bu mərhələdə uşaq ətrafdan gələn dini yönləndirmələrə qarşı həssasdır. Bir-iki kəlimədən ibarət olan dini ifadə və anlayışlar böyük bir məna ifadə etməsə də uşaqlara öyrədilə bilər.
İlk uşaqlıq mərhələsində (2-6), dini məzmunlu davranışların ortaya çıxması daha çox müşahidə edilir. Bu mərhələdə uşaq, ətrafındakı insanların hərəkətlərini şüurlu və ya şüursuz olaraq təqlid edir. İstənilən halda ailə fərdlərində gördüyü dini davranışlara daxildən gələn duyğularla yönəlir və onları icra etməyə çalışır. Uşağın valideyn davranışlarına istiqamətlənmiş bu isti münasibət onun dini həyatının formalaşmasında olduqca əhəmiyyətlidir. Ailə fərdləri tərəfindən istifadə edilən dini ifadələr və dini praktiki davranışlar uşağın zehnində dərin izlər buraxır.
Bu mərhələdə uşaq, ona deyilənlərə inanmağa və qəbul etməyə daha çox meyillidir. Dini mövzular haqqında müxtəlif suallar soruşar və aldığı cavablara etiraz etmədən inanar. Bu vəziyyət uşağın daha rahat inanma xüsusiyyətindən qaynaqlanmaqdadır. Uşaq, bu mərhələdə inancının səbəbini araşdırmaz. O, bu mərhələdə düşüncələri ilə deyil, daha çox duyğuları ilə hərəkət edər. Bu səbəblə inanclarının formalaşmasında şüurlu davranışlardan söhbət açmaq çətindir. İnanmağa hazır vəziyyətdə olan uşaq, düşünmədən və heç bir şübhə duymadan bütün söylənənlərə inanır.
Digər tərəfdən bu mərhələdə uşaq, Allah, mələk, cin, şeytan, axirət, namaz, oruc, günah, savab, cənnət, cəhənnəm kimi dini anlayışalar haqqında suallar soruşaraq məlumat almağa çalışır. Bu suallara ailə fərdləri onların zehni inkişaflarına uyğun və anlayacaqları şəkildə cavablar vermələri lazımdır.
Bu mərhələdəki uşaq, antropomorfiq düşüncə şəklinə sahib olaraq Allahı böyük bir insan şəklində xəyal edər və Onu insana aid cizgilər içərisində düşünər. Çünki uşaq bu mərhələdə mücərrəd düşünə bilmir və inandıqlarını konkret düşünməyə başlayır.
Son uşaqlıq mərhələsində (Qızlarda 6-11, Oğlanlarda 6-13) uşaq, daha əvvəl bir məna verə bilmədiyi dini anlayışlara yavaş-yavaş mənalar yükləməyə başlayır və onda həqiqi bir din anlayışı formalaşır. Xüsusilə 7-9 yaş, dini inancın oyandığı və inkişaf etdiyi bir yaş kateqoriyası olaraq qəbul edilir. İlk uşaqlıq mərhələsində Allahı insana aid modellər və cizgilər içərisində düşünən uşaqda antropomorfiq düşüncə, bu mərhələdə yerini mücərrəd düşüncə şəklinə verir. Çünki son uşaqlıq mərhələsinin ortalarından etibarən konkret düşüncə mərhələsindən mücərrəd düşüncə mərhələsinə keçiş başlayır. Bu mərhələnin sonlarına doğru konkret düşüncə mərhələsi sona çatarkən, mücərrəd düşüncə mərhələsi başlayır.
Son uşaqlıq mərhələsində uşaq, dini mövzuları daha rahat anlamağa və əxlaqi mövzuları da özünə görə dəyərləndirməyə başlayır. Bu mərhələ eyni zamanda tənqidçi və sorğulayıcı bir mərhələdir. İlk uşaqlıq mərhələsində sorğulamadan qəbul etdikləri şeyləri, son uşaqlıq mərhələsində ağıl süzgəcindən keçirərək qəbul və ya rədd edərlər.
Bu mərhələdə, uşağın dini inkişafına təsir edən ən önəmli faktor ailədir. Xüsusilə ailə fərdlərinin dini münasibət və davranışları uşağa bir başa təsir göstərir. Məktəbə getmədən əvvəl valideynlərini model olaraq qəbul edən və onları təqlid edən uşaq, məktəbə getdikdən sonra rol-model olaraq öz müəllimini qəbul etməyə başlayar. Onu güclü fərd olaraq qəbul edər və dediklərinə inanmağa çalışar. Bu səbəblə, müəllimin davranışları, dinlə əlaqəli sözləri uşağın dini inkişafı baxımında olduqca əhəmiyyətlidir. Bundan başqa oxuduğu kitablardan əldə etdiyi bilgilər ondakı dini şüurun formalaşmasına dəstək olur. Son uşaqlıq mərhələsində xüsusilə ailə fərdləri ilə birlikdə edilən dini ibadətlərin uşağın dünyasına bir həzz qatdığını da unutmamaq lazımdır.
Dr. Eldar Kərimov