Hədis mənbələrinə nəzər saldığımız zaman bu sözün bütün peyğəmbərlərə aid olduğuna dair bir məlumatla qarşılaşırıq. Belə ki, Rəsulullah (s.ə.s) bunu belə ifadə etmişdir: “İnsanların öncəki peyğəmbərlərdən eşidib öyrəndikləri bir kəlam vardır: Utanmırsansa, istədiyini et!” (Buxari, Ədəb, 78). Hədis üsulu baxımından bu hədis səhihdir. Elə isə səhih olaraq bizə çatan bu hədisin bəşəriyyətə verdiyi mesajlar vardır.
Utanmaq duyğusu insanın təbiətində var olan bir duyğudur. Rəsulullah (s.ə.s) bu duyğunun imandan qaynaqlandığını ifadə etmişdir. Belə ki, həddən artıq utancaq olan qardaşına utanmamağı tövsiyə edən bir qardaşın etdiyi nəsihətləri eşidən Allah Rəsulu (s.ə.s) bunu etməməsini söyləyərək həyanın imandan bir parça olduğunu açıqlamışdır. (Buxari, İman, 14). Lakin buda bir həqiqətdir ki, utanmaq duyğusu hər kəsdə eyni səviyyədə deyildir. Utanmaq hissi hər kəsdə eyni səviyyədə olmasa da hər bir insanın təbiətində müəyyən nisbətdə bu duyğunun olduğu da bir həqiqətdir. Lakin insan, olduğu mühitin şərtlərinə görə dəyişən bir varlıq olduğu üçün düşdüyü mühitə görə utanma duyğusunun onda zəifləməsi və hətta yox dərəcəsinə qədər enməsi mümkündür. Bu səbəblə də həyanın olmadığı bir yerdə həyasızlıqlar qaçınılmaz olduğu üçün insanlar bir çox əxlaqsız davranışları heç utanmadan edə bilməkdədirlər. Həyasızlığın baş alıb getdiyi cəmiyyətlər isə tarix boyu Allahın qəzəbinə məruz qalan cəmiyyətlər olmuşdur.
Allahın fitrətdə var etdiyi bu duyğunun yox olması iman və vicdanın da yox olmasıyla nəticələnər. Çünki həya duyğusu imandan və vicdandan bəhrələnən bir duyğudur. Elə isə bütün peyğəmbərlər bu həqiqətə diqqət çəkərək imanın olmadığı bir yerdə həyanın, həya və imanın olmadığı bir yerdə də insanların önünü kəsəcək bir maneənin olmadığını açıqlamışdırlar. Bu səbəblə də “Utanmırsansa istədiyini et!” demişdirlər.
f.f.d. Səfa Muradov