Musa Topbaş əfəndinin vəfakarlığı dillər dastanıdır. Allah-Təalaya, Rəsulullaha, möhtərəm ustadına, mübarək əcdadına və sevənlərinə qarşı həmişə vəfalı idi. Bu səbəblə də sevənləri həmişə onu “Sahibul-Vəfa” deyə xatırlayırlar.
Musa əfəndi həzrətləri vüqarlı və heybətli bir şəxs idi. Onu görənlərin könüllərinə həm məhəbbəti, həm də heybəti ilə nüfuz edirdi. Camalında cəlal, cəlalında camal gizliydi. Mübarək simasını görənlər Allahı xatırlayır, qulluğun şərəfini və gözəlliyini hiss edirdilər.
Ürəklərindəki Allah sevgisi simasında əks olunur, baxdıqları hər şeyə məhəbbətlə nəzər edirdilər. Sözlərində fərqli bir ləzzət vardı. Səsi ipək kimi lətif, sözləri kəlmə-kəlmə hikmət idi. Az və müxtəsər danışır, söhbəti lazımsız yerə uzatmır, sadəcə labüd sözləri deyərdi. Sözləri sanki bir qönçədən süzülən şeh kimi dinləyənlərin könül torpağına düşür, ilahi hikmət və həqiqətlərə susamış könüllər bu feyz damcılarını “dirilik suyu” kimi içirdilər.
Hər halında ədəb, nəzakət və zəriflik müşahidə edilirdi. Əfəndilik onda anadangəlmə idi. Oturmasında, yeriməsində və dayanmasında bir əsalət vardı.
Çox təmiz, çox gözəl, sadə və mütənasib geyinirdi. Dağınıqlığı sevmir, bu halla qarşılaşanda baxışları dəyişilirdi. Başındakı beretdən ayağındakı ayaqqabıya, boynundakı şərfdən geyindiyi paltoya qədər hər şeyində bir incəlik, mütənasiblik və gözəllik vardı.
Bir də Harameyndə olduğu vaxtlarda ağ libasa bürünmüş halı var ki, tamaşasına doymaq mümkün olmayan misilsiz bir mənzərə idi.
Namazlardakı təzim, xuşu və səkinəti; hədiyyə, ikram və infaq halındakı nəzakət və lətafəti; yemək yeyərkən müşahidə edilən tərtib, intizam və sakitliyi; bir stəkanı tutarkən göstərdiyi zərifliyi; bir uşağın başını sevgiylə oxşaması könüllərdə qalan ən xoş xatirələrindəndir.
Müraciətindəki bəyəfəndiliyi, münasibətindəki səmiliyi, ürəyindən daşan şəfqət və mərhəməti, sükutunun dərinliyi və dəryalar kimi engin səxavəti misilsiz gözəlliyə sahib idi. Yaddaşı çox qüvvətli idi. Bir dəfə tanış olduğu şəxsi heç unutmazdı.
Vəfakarlığı dillər dastanı idi. Allah-Təalaya, Rəsulullaha, möhtərəm ustadına, mübarək əcdadına və sevənlərinə qarşı həmişə vəfalı idi. Bu səbəblə də sevənləri həmişə onu “Sahibul-Vəfa” deyə xatırlayırlar.
Xülasə o həm görünüşü ilə, həm də davranışı ilə gözəl qul idi. Ömrü boyu Haqqa qulluğu həyatının bütün mərhələlərinə şamil etmiş, bunu bütün hal və davranışlarında ahəngdarlıqla təcəlli etdirmişdi.
Həqiqətən o:
İbadətdə nə gözəl qul idi!
Müamilədə nə gözəl qul idi!
Haqqın nümayişində nə gözəl qul idi!
Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmətdə nə gözəl qul idi!
Çətinlik və izdırablara mərhəmətiylə şəfa olmağa çalışan nə gözəl qul idi!
Kainatdakı ilahi qüdrət və əzəmət təcəllilərinə heyranlıqla tamaşa edən nə gözəl qul idi!
Nəzakəti, zərifliyi və ürəyindəki riqqəti ilə göy üzündə xoş səda qoyub gedən nə gözəl qul idi!
Mənbə: Osman Nuri Topbaş, “Altın Silsile” Erkam nəşriyyat.