Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Vətən müharibəsi dövründə fəal iştirak edən din xadimləri və qazilərin mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə din xadimləri və qazilərlə görüşən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə onlara uğurlu fəaliyyətlərinə təşəkkürünü ifadə edib. Şeyxülislam şanlı Vətən müharibəsində Azərbaycanın qəhrəmanlıq göstərən oğullarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib. O bildirib ki, xalqımızın hər bir nümayəndəsi birləşərək torpaqlarımızı və sərhədlərimizi qorumağa, canından keçməyə daim hazır olub.
Din xadimlərinin Vətən müharibəsindəki fəaliyyətinə toxunan QMİ sədri deyib: “İstər şanlı Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz din xadimləri ilə dəfələrlə görüşərək İkinci Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmişik. Haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlərimizlə ümumi Zəfərə öz töhfəmizi vermişik. Bundan sonra da köməyə ehtiyacı olanların hər zaman yanında olacağıq. Şəhid anaları və ataları övladları ilə fəxr edirlər. Eyni zamanda, mənə şəhid ailələrindən təşəkkür məktubları da gəlir. Biz həmişə tarix boyu bir yerdə olmuşuq. Bundan sonra daha da yaxın olmalıyıq və torpaqlarımızı qoruyub saxlamalıyıq”.
Sonra 44 günlük İkinci Qarabağ müharibəsi dövründə fərqlənən din xadimləri və qazilər – Mirsəcat İmranov, Ramazan Hüseynov, Hacı Şahin Həsənli, Cavid Kərimov və Mirzahid Qəmbərov mükafatlandırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində göstərdiyi xidmətlərinə və fədakarlığına, döyüş təminatı tapşırıqlarının fədakarlıqla yerinə yetirilməsində fəaliyyətinə, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində və şəhidlərin anım mərasimində fəal iştiraklarına görə Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılan din xadimlərinə və qazilərə Fəxri fərmanlarını QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə təqdim edib.
Mükafatlandırılan din xadimləri və qazilər Vətən müharibəsində şanlı tarixi Zəfərinin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u və rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi fədakarlıqdan danışıblar və Qafqaz Müsəlmanlar İdarəsinin sədrinə təşəkkürlərini ifadə ediblər.
Sonda birgə xatirə şəkili çəkdirilib