VƏTƏN MÜHARİBƏSİNİN BAŞLAMASINDAN ÜÇ İL ÖTÜR

0

Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşüb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də ikinci dəfə, oktyabrın 9-da üçüncü dəfə, oktyabrın 17-də dördüncü dəfə, oktyabrın 20-də beşinci dəfə, oktyabrın 26-da xalqa altıncı dəfə müraciət edib. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi. Məhz buna görə dövlət başçısının müraciətini bütün dünya azərbaycanlıları sevə-sevə gözləyir və dinləyirdi.

Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı. Eyni zamanda, paralel olaraq döyüşlərin davam etdiyi cənub cəbhəsində də xoş xəbərlərin sədası eşidilirdi. Təbii ki, bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı.

Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk ongünlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda böyük çaxnaşmalara səbəb olmuşdu. Böyük təşvişə düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi.

Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azad olunması ilə düşmənin beli qırılmış oldu. Müharibənin 21-ci günündə düşmən üzərində əldə olunan qələbələr nəticəsində Ermənistanın siyasi-hərbi rəhbərliyi məğlubiyyətlərinin fərqinə varmışdılar. Təbii ki, geriyə dönüş yox idi. Amma döyüşlər daha şiddətlə davam edirdi və hər gün Ali Baş Komandan tapşırıqlar verir, eləcə də hər gün bütün cəbhəboyu yeni-yeni xoş xəbərlərin sədası eşidilirdi. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra – oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.

Artıq oktyabr ayının bitməsinə bir neçə gün qalırdı. Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları tam yerinə yetirməli və işğal edilmiş bütün torpaqları azad etməli idi. Beləliklə, oktyabr ayının 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Bu qələbə də əldə olunan digər qələbələr kimi həm şəxsi heyət, həm də xalq arasında ruh yüksəkliyi ilə qarşılandı. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Ali Baş Komandan demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşanın azad olunması ilə düşmən Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi.

Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə artıq bütün Qarabağın azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa növbəti dəfə müraciət edərək Ağdam, Kəlbəcər və Laçının bir güllə atmadan, bir şəhid vermədən qaytarıldığını bildirdi.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

Artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdirilir, bütün infrastrukturlar yenidən qurulur. Yeni şəhərlər, kəndlər və yaşayış məntəqələri salınır. İşğaldan azad edilmiş ərazilərə qayıdış başlayıb. Azərbaycanlıların öz doğma yurdlarına, əzəli torpaqlarına səfərləri rahat şəkildə təmin olunur. Təbii ki, zaman-zaman azad olunmuş bütün ərazilərin sahibləri öz yurdlarına qayıdacaq. Bununla yanaşı, vurğulamaq lazımdır ki, Ermənistan yenə də revanşist fikirlərlə sülh prosesinə mane olmağa çalışdı. Buna görə də ötən ilin sentyabrında sərhəd döyüşlərində növbəti dəfə ağır dərs verildi. Onların bu dəfə də diqqətinə çatdırıldı ki, “dəmir yumruq” yerindədir və hər an istənilən təxribatın qarşısının alınmasında düşmənin başını əzmək üçün hazırdır.

Azərbaycan ötən ilin aprelinə qədər humanitar məqsədlər üçün Laçın yolunu tamamilə açıq saxlamışdı. Lakin Ermənistan bundan sui-istifadə edərək Qarabağdakı separatçılara qanunsuz olaraq silah-sursat daşımağa başlamışdı. Bir neçə belə fakt aşkar olunaraq sübuta yetirildikdən sonra Azərbaycan haqlı olaraq bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Ermənistanla şərti sərhəddə buraxılış məntəqəsi qurdu. Belə ki, cari il aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqladı. DSX məntəqənin Üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirdi.

Sərhəd-buraxılış məntəqəsində bu günə qədər Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait yaradılır. Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edir.

Azərbaycan hər zaman dünyada və regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyini bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi sülh təklifi Azərbaycanın mövqeyinin bariz nümunəsidir. Bununla belə, Vətən müharibəsindən sonra Qarabağda separatçıların qanunsuz silahlı dəstələri, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələri qalmaqda idi. Onlar da zaman-zaman təxribatlar törədir və əraziləri minalamaqda davam edirdilər. Bununla bağlı Azərbaycanın dəfələrlə edilmiş xəbərdarlıqlarına baxmayaraq, erməni separatçılar öz əməllərindən əl çəkmirdilər. Nəticədə Azərbaycan Qarabağda lokal xarakterli antiterror hərəkətlərə start verdi.

Müdafiə Nazirliyi bəyan etdi ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Beləliklə, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

24 saatdan da az bir vaxtda həyata keçirilən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Separatçıların tör-töküntüləri silah-sursatlarını və döyüş mövqelərini qoyaraq qaçdılar. Çox keçmədi ki, Qarabağdakı qanunsuz silahlı-birləşmələr və onların başında duran separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu və Azərbaycanın bütün şərtlərini yerinə yetirəcəyinə söz verdi.

Azərbaycan Müdafiə Nazirliyi elan etdi ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sözügedən razılaşmaların müzakirəsi üçün sentyabrın 21-də Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında Yevlax şəhərində ilk görüş keçirilib. Görüşdə müvafiq tələblər və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı görüləcək tədbirlər planı erməni sakinlərin nümayəndələrinə təqdim edilib. Onlar da Azərbaycanın bütün tələblərinin yerinə yetiriləcəyinə razılıq verdiklərini bəyan ediblər.

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovla Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında ikinci görüş keçirilib.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası barədə razılıq ifadə olunub.

Hazırda isə işğaldan azad edilən ərazilərdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə qanunsuz erməni silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir, Qarabağı tərk etmək istəyən erməni sakinlərin Ermənistan ərazisinə keçidi təmin olunur.

Beləliklə, son antiterror tədbirləri ilə Qarabağdakı separatçıların varlığına son qoyuldu və Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərdə öz suverenliyini bərpa etdi.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Gürcüstanda İlahiyyat İnstitutuna aid mədrəsənin açılması məqsədəuyğun olardı”

“Gürcüstanda Azərbaycan İlahiyyat İnstitutuna aid mədrəsənin açılmağı məqsədəuyğun olardı. Çünki ən vacib məsələlərdən biri kadr məsələsidir". Bu fikirləri "Report"un Gürcüstan...

Bağla