XƏSTƏLİYİN ÖZ-ÖZÜNƏ YOLUXMASI YOXDUR! – Hədisinin Açıqlaması

0

Tarix boyu insanlar müəyyən yoluxucu xəstəliklərlə qarşı-qarşıya qalmışdırlar. İnsanlıq tarixinin hər dövründə olduğu kimi yoluxucu xəstəliklərə Hz. Peyğəmbər dövründə də təsadüf olunmuşdur. Belə xəstəliklər qarşısında Hz. Peyğəmbərin insanlara etdiyi tövsiyələr covid-19 adıyla dünyanı cənginə alan yoluxucu xəstəliyin baş alıb getdiyi bu günlərdə daha çox maraq dairəsindədir. Hz. Peyğəmbərdən xəstəliklər qarşısında bir-birinə zidd kimi görünən iki fərqli açıqlama nəql olunmuşdur.

Belə ki, Buxarinin əsərində Əbu Hüreyrədən nəql olunan belə bir hədis keçməkdədir. “Xəstəliyin öz-özünə yoluxması yoxdur. Əşyada, bayquş səsində və Səfər ayında uğursuzluq yoxdur. Lakin cüzzam xəstəsindən aslandan qaçdığın kimi qaç!” (Buxari, Tibb, 19). Görüldüyü kimi hədisin əvvəlində xəstəliyin öz-özünə yoluxuculuğunun olmadığı qeyd olunsa da son qismində cüzzam xəstəsindən aslandan qaçar kimi uzaq durulması tövsiyə olunmuşdur. Bu hədisdə ortaya çıxan problemə müəyyən qədər aydınlıq gətirən digər bir hədisə elə Buxarinin əsərində rast gəlirik.

Belə ki, Əbu Hüreyrə Hz. Peyğəmbərdən: “Xəstə heyvanlar sağlam heyvanların yanına gətirilməsin” –  hədisini nəql etmiş və bəzi səhabələr ona etiraz edərək daha öncə “Xəstəliyin öz-özünə yoluxması yoxdur” hədisini xatırlatdıqda Əbu Hüreyrə o hədisi nəql etdiyini inkar etmişdir. (Buxari, Tibb, 53) Əbu Hüreyrənin bu cavabından elə anlaşılmaqdadır ki, “Xəstəliyin öz-özünə yoluxması yoxdur” hədisi hər hansı bir səbəblə qüvvədən düşmüş və müəyyən xəstəliklərin yoluxucu olduğu qəbul olunaraq belə hallar qarşısında tədbirli olmaq tövsiyə olunmuşdur.

Bu həqiqət Hz. Peyğəmbərin taun xəstəliyi haqqında söylədiyi hədisi ilə də üst-üstə düşməkdədir. “Siz bir yerdə taun xəstəliyinin çıxdığını eşitdiyiniz zaman ora getməyin. Sizin olduğunuz yerdə taun xəstəliyi yayılarsa olduğunuz yerdən çıxmayın!” (Buxari, Ənbiya, 56). Bu hədis bu gün yoluxucu xəstəliklərə qarşı dövlətlərin aldığı karantin tədbirlərini tam olaraq dəstəkləyən önəmli bir hədisdir. Hz. Ömərin Şamda yayılan vəba xəstəliyi səbəbilə ora girməyərək geri qayıtması və: “Allahın qədərindən yenə Allahın qədərinə sığınıram” deməsi də (Buxari, Tibb, 30) yoluxucu xətsəliklər qarşısında ta o dövrdən bəri müsəlmanların karantin qaydalarına uyğun hərəkət etdiklərini göstərməkdədir. Nəticə olaraq, bu gün də tarix təkrarlanmaqda və yoluxucu bir xəstəlik bütün dünyanı öz cənginə almaqdadır. İslam tarixinə nəzər salan hər bir müsəlmanın bu xəstəlik qarşısındakı duruşu Hz. Peyğəmbər və səhabələrinin duruşu kimi olmalıdır. Allahın qədərindən yenə Allahın qədərinə sığınmaq.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAİNAT SƏSSİZ BİR QURAN, QURAN SƏSLİ BİR KAİNATDIR

Qurani-Kərim möminin daxili və xarici aləminə dinclik verən bir nurdur. Cahan səssiz bir Qurandır, yəni bu kainat, ilahi xariqələr aləmi...

Bağla