Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Niderland xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və hazırkı vəziyyəti sorğu edib.
Öz növbəsində, nazir Ceyhun Bayramov həmkarını Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb.
Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Telefon danışığı zamanı Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.