XIX-XX ƏSRLƏRDƏ ŞƏKİDƏ XEYRİYYƏÇİLİK MƏDƏNİYYƏTİ

0

Azərbaycan xalqının xeyriyyəçilik ənənəsi tarixən bilinən bir həqiqətdir. İslam dininin bu torpaqlara yayılmasının bu ənənənin formalaşmasında böyük təsiri olmuşdur.

O cümlədən Şəki əhalisinin də  xeyriyyəçiliyə olduqca meyilli olduğu görülməkdədir. Tarixi mənbələrə əsasən Şəkidəki vəqfçilik ənənəsinin qədim dövrlərdən başladığı bilinməklə birlikdə, tam olaraq hansı əsrlərə təsadüf etdiyinin ciddi araşdırmalara ehtiyacı vardır.

Mənbələrdə bildirildiyinə görə, Nuxa qəzasında dörd yüz əlli (450) məscid, şəhərdə isə otuz altı (36) məscid və otuz ikiyə (32) yaxın milli məktəb və mədrəsə fəaliyyət göstərmişdir. Şəki xeyriyyəçiliyində məktəb sisteminin kifayət qədər inkişaf etdiyi, əhalinin məktəblərin açılmasında fəal iştirakı və yardımı, dini təhsillə yanaşı dünyəvi təhsil sisteminin də inkişafında maraqlı olduqları tarixi bir faktdır. Gəncə məktəbləri direktoru belə yazırdı: “Gəncə quberniyası ərazisində Nuxa qəzası özünün sırf müsəlman məktəbləri ilə şöhrət qazanmışdır. Burada şəriət elmlərindən əlavə, həm də dünyəvi elmlər, o cümlədən coğrafiya və hesab tədris edilir”.

Məsələn, 1850-ci ildə Şəki əhalisi vəsait toplayaraq öz hesabına məktəb açmışdı. Çar hökuməti yalnız bu məktəbin rus dili müəlliminə veriləcək maaşın cüzi bir hissəsini öz öhdəsinə götürmüşdü. 1855-ci ildə yerli sakin Əbdul Qafar bəy Hüseyinov Şəki qəza məktəbinin xeyrinə hər il beş yüz manat verməyi öhdəsinə götürdü və bu məktəbin fəxri hamisi təyin edildi. Şəki camaatının maarifə və təhsilə olan meylini çar məmurlarının qeydlərində də  etiraf edilirdi.

1898-ci ildə şəhərdə yeni bir məktəb, rus-tatar (azərbaycanlı) məktəbi açılmışdır. Məktəb Hacı Əbdürəhim Ağanın təşəbbüsü ilə açılmışdı. O, cümə məscidinin yanında ikimərtəbəli bina tikdirmiş, onun üçün lazımi avadanlıq almışdı. Məktəbdə Quranın tərcüməsi, Azərbaycan, rus, ərəb dilləri, hesab və Rusiyanın coğrafiyası keçirilirdi. Məktəb dördillik idi. Oxumaq haqqı cüzi idi (ayda 1 manat). Yoxsul uşaqlar bu haqdan azad edilirdi. Məktəbin 3 müəllimi var idi  və onlara maaş vermək üçün vəsait çatmadıqda əhalidən toplanırdı.

1906-cı ildə Nuxa camaatı I cümə məscidində  ( Xanzadələr məscidi) yığışıb Cəmiyyəti-Xeyriyyə və Nəşri-Maarif Cəmiyyətlərini təsis edərək yuxarıda qeyd olunan işlərin icrası üçün müəyyən vəsait toplamışdılar.

Digər bir mənbədən alınan məlumata görə, yenə 1910-cu ildə Şəki şəhəri və müsəlman əhalisi tərəfindən “Nuxa cəmiyyəti” yaradıldı. Cəmiyyətin 1910-cu il sentyabrın 29-da təsdiq olunmuş nizamnaməsində deyilirdi ki, cəmiyyət, müsəlmanlar arasında rus və doğma Azərbaycan dillərində savad və ibtidai təhsil yaymağı öz qarşısına məqsəd qoyur. Cəmiyyətin vəsaiti birdəfəlik və hər il toplanan üzvlük haqlarından, ayrı-ayrı şəxslərin verdiyi ianələrdən, kitab nəşri və tamaşalar təşkilindən gələn gəlirlərdən ibarət idi. Cəmiyyətin üzvləri 50 manat, fəxri üzvləri isə 200 manat verməli idilər.

1917-ci ildə Şəkidə “Hürriyəti Maarif” cəmiyyəti tərəfindən altmış nəfərə yaxın tələbənin təhsil aldığı, ibtidai məktəb müəllimi hazırlayan kurs açıldı. Kursda yalnız Şəkidən deyil, uzaq bölgələrdən gələn tələbələr də təhsil alırdılar.

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə yuxarıda sadalanan cəmiyyətlərin fəaliyyəti daha da aktivləşmişdi.  

Şəki şəhərində 32-yə yaxın məktəb və mədrəsə fəaliyyət göstərmişdir. Görkəmli ədəbiyyatşünas, pedaqoq, kitabşünas və tərcüməçi Əbdulqəni Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadə əlyazmalarında bu məktəblərdən doqquz dənəsi barədə qısa məlumat vermişdir. Onlar aşağıdakılardır:

1. Hacı Məhəmməd əfəndi Nəbi əfəndi oğlunun mədrəsəsi.

2. Əlican bəy Nuxəvinin mədrəsəsi.

3. Sədrəddin bəy Nuxəvinin mədrəsəsi.

4. Əlişanın mədrəsəsi.

5. Abdullah əfəndi Axudzadənin mədrəsəsi.

6. Mövlanə Məhəmməd əfəndinin mədrəsəsi.

7. Ağ məscid adı ilə məşhur olan Dabbaqxana məscidinin nəzdindəki mədrəsə. ( hal-hazırkı Şəki Mərkəzi Cümə məscidi və Şəki (hafizlik) İslam Kolleci)

8. Cümə məscidinin nəzdindəki mədrəsə.

9. Hacı Şəmsəddin bəyin məscidindəki mədrəsə.

Şəkidəki xeyriyyə cəmiyyətləri və fərdi insanlar tərəfindən inşa edilən otuz altı civarındakı məscidin hələlik sadəcə ikisi barəsində məlumat mövcuddur. Onlardan biri Şəkinin şimal şərq tərəfində yerləşən və üzərindəki kitabədə 1749-cu ildə Şəki xanı Hacı Çələbi Xan tərəfindən inşa edilmiş olduğu yazılan Giləhli məscid, digəri isə Hacı Sədrəddin bəy və Hacı Abdurrahman bəy adlı Şəki sakinləri tərəfindən təqribən 1804-cü ildə inşa edilən Gödək Minarəli məsciddir. Yenə o dövrlərdə inşa edilən, hal-hazırda şəhərin mərkəzində yerləşən, sovet dövründə idman zalına çevrilsə də, müstəqillik illərində yenidən məscid kimi fəaliyyət göstərən, yuxarıda da adı qeyd edilən Ağ məscid adı ilə məşhur olan Dabbaqxana məscidinin minarəsi 1927-ci ildə rus əsgərləri tərəfindən yıxılmış, sovet dövrünün sonlarına yaxın 1988-ci ildə də məscid yanmışdır. Əcdadlarının xeyriyyəçi ənənəsini mənimsəyən Şəki xalqı,  Şəki-Qəbələ bölgə qazısı Hacı Səlim Əfəndinin təşəbbüsü və rəhbərliyi, həmçinin Mədəniyyət Nazirliyinin də köməyi ilə 1988-ci ildə məscidin minarəsini yenidən inşa etməyə başlamış və 1991-ci ildə yekunlaşdırmışdır. Sovet dövründə idman zalı kimi fəaliyyət göstərən bu abidə hal hazırda Şəki Cümə Məscidi olaraq fəaliyyətini davam etdirir. Məscidlə birlikdə 1993-cü ildən Şəki (hafizlik) İslam Kolleci burada fəaliyyət göstərir.

(Yazının ərsəyə gəlməsində əməyi keçən tarixçilər: Elşən Abdurahmanov və Rahim Həsənova təşəkkürümüzü bildiririk.)

ABDURRAHMAN NURİ

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
 İNDONEZİYADA İSLAM DİNİNİ DÜZGÜN ÖYRƏTMƏK ÜÇÜN UNİVERSİTET QURULUR 

Radikal meyllərin qarşısını almaq və terror qruplaşmalarının fəaliyyətlərinə mane olmaq üçün İndoneziyada İslam universiteti qurulacaq. Məlumata görə, uzun müddətdir qurulması...

Bağla