Qurani-Kərim axirətdəki təkrar dirilişin müqayisəli dəlillərini də ortaya qoymuşdur. Dirilişlə müqayisə edilən nümunələr isə insanların gözləri ilə görüb müşahidə etdikləri hadisələrdir. Beləliklə, Qurani-Kərim həm bunun təcrübi reallığını göstərir, həm də məntiqi dəlillərini ortaya qoyaraq axirəti inkar edənlərin iddialarının əsassız olduğuna işarə edir.
Bunlardan biri də təbiətin qış yuxusundan oyanması və təkrar dirilişidir. Təbiətdəki ağaclar, otlar və digər bitkilər hər il quruyub çör-çöp olduqdan sonra baharın gəlməsi ilə təkrar cücərib canlanır.
Uca Allahın yer üzündə qoyduğu təbiət qanunları ilə bitkilər bahar fəslində təkrar cücərər. Quran ayələrində Allah-Təala su nemətinə də diqqət çəkərək onun sayəsində bitkilərin təkrar cücərməsinin mümkün olduğunu, insanın da bunun kimi təkrar xəlq edilməsinin mümkünlüyünə diqqət çəkir.
Bahar fəslində ölümdən sonra dirilişə səhnə olan yer üzünə ibrət gözü ilə baxa bilən, özünün də öldükdən sonra eynilə bu bitkilər kimi axirətdə dirildiləcəyini anlamaqda çətinlik çəkməz.
Quranda məhz bu canlanış aşağıdakı ayələrdə axirətdəki təkrar dirilməyə dəlil olaraq göstərilir:
“Elə isə Allahın mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir”.[1]
“Sənin yer üzünü qupquru görməyin də Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Biz ora yağış yağdırdığımız zaman yer hərəkətə gəlib qabarar. Onu dirildən, əlbəttə, ölüləri də dirildər. Şübhəsiz ki, O, hər şeyə qadirdir”.[2]
“… Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və hər şeyə qadirdir”.[3]
Bu ayələrdə “O, ölüləri də dirildəcəkdir”, “Onu dirildən, əlbəttə, ölüləri də dirildər”, kimi ifadələrlə Uca Allah təşbeh (bənzətmə) üslubuna yer verərək axirətdə insanların təkrar dirilməsini məcazi olaraq bitkilərin bahar fəslindəki oyanışına bənzətmişdir.
Nəticə etibarilə, bir müsəlman bahar fəslində təbiətin oyanıb canlamasına sevinib bu nemətlərə görə Uca Allaha şükür etməklə yanaşı, bu hadisəyə ibrət gözü ilə baxıb axirəti və insanların həşrini təfəkkür və idrak etməlidir.
f.f.d. Ələddin Sultanov
[1] Rum, 30/50.
[2] Füssilət, 41/39.
[3] Həcc, 22/5.