YUXUNUN İSLAM DİNİNDƏ YERİ

0

Yuxu, insan yarandığı gündən bəri onun təbiətində mövcud olmuşdur. Ta qədimdən bəri insanlar gördükləri yuxuların izahını tapmağa çalışmış və bunun üçün müəyyən çalışmalar etmişlər. Yuxuların yozumuna dair ilk yazılı mətinlər eramızdan əvvəl 5000-ci illərdə Asurlular tərəfindən yazılmışdır. Bu mövzuda günümüzə qədər gəlib çatan ən qədim əsər eramızdan əvvəl 2000-ci illərə aid olduğu təxmin edilən bir papirus üzərindəki yazıdır. Həmin yazıda 200-ə yaxın yuxu yozumu vardır. (İlyas Çələbi, “Rüya”, DİA, XXXV, 306)

İslam dinində də yuxuların xüsusi bir yeri vardır. Qurani-Kərimdə Həzrət İbrahim, Həzrət Yusif və Misir hökümdarının gördüyü yuxulardan bəhs edilir. (Yusif, 12/4-5, 43, 100; Saffat, 37/105). Bundan əlavə Quranda Rəsulullahın (s.ə.s) gördüyü bir yuxusunun doğru çıxdığı Allah tərəfindən bildirilir. (Fəth, 48/27). Quranda Həzrət Yusifə yuxuların yozumu öyrədildiyi (Yusif, 12/6, 21), Həzrət İbrahim, Həzrət Yəqub və Həzrət Yusifin gördükləri yuxuları yozaraq həmin yuxulara uyğun hərəkət etdikləri bildirilir. (Yusif, 12/4-6; Saffat, 37/102). Burada verilən bu məlumatlardan anlaşılır ki, İslam dinində də görülən yuxuların xüsusi bır yeri vardır. Bu səbəblə də yuxuların yozumu üçün müsəlmanlar tərəfindən bir çox fəaliyyətlər göstərilmiş və bu sahədə əsərlər yazılmışdır.

Yuxular məna və mahiyyəti baxımından üç qismə ayrılır.

1 – Rəbbani yuxular:  Rəbbani yuxulara “saleh yuxular”, “sadiq yuxular” da deyilir. Rəbbani yuxular insanın metafizik aləmdən aldığı müjdəli bilgilər və işarələrdir. Bu barədə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Peyğəmbərlik sona çatmışdır, lakin mübəşşirat davam edir“. (İbn Macə, Təbir, 1). Bu hədisdə keçən “mübəşşirat” kəlməsi “müjdəli xəbərlər”, “işarələr” mənasına gəlir. Allah Rəsulu (s.ə.s) bir hədisində saleh yuxuların mübəşşiratdan olduğunu bildirmişdir. (Buxari, Təbir, 5). Bundan əlavə Allah Rəsulu (s.ə.s) saleh yuxuların Allahdan olduğunu buyurmuş (Buxari, Bədül-xəlq, 11) və gözəl bir yuxu görən insanın bu yuxusunu yalnız sevdiyi insanlara danışa biləcəyini bildirmişdir. (Müslim, Rüya, 3).

2 – Şeytani yuxular: Şeytanın vəsvəsə və qorxutması nəticəsində görülən qarışıq yuxulardır. Belə yuxular pis yuxular olduğu üçün Rəsulullah (s.ə.s) bu yuxuların şeytandan olduğunu bildirərək belə bir yuxu görən insanın Allaha sığınmasını və bu yuxunu heç kimə danışmamasını tövsiyə etmişdir. (Müslim, Rüya, 3).

3 – Nəfsani yuxular: İnsanın gündəlik gördüyü və rastlaşdığı hadisələrdən təsirlənməsi nəticəsində gördüyü yuxulardır.

Hədis mənbələrində Allah Rəsulunun (s.ə.s) sübh namazından sonra səhabələrə: “Aranızda yuxu görən varmı?” – deyə soruşduğu və yuxu görən səhabələrin yuxularını yozduğuna dair bir məlumatı görə bilərik. (Buxari, Təbir, 47). Bundan başqa Allah Rəsulunun (s.ə.s) bəzən öz yuxularını danışdığı və yozduğu və ya səhabələrinə soruşaraq onların yozmasını istədiyini də görmək mümkündür. Səhabələrin arasında Həzrət Əbu Bəkir (r.a) yuxuları daha doğru yozmasıyla tanınmışdır. Yuxuları yozmaq üçün bu sahədə müəyyən məlumatları bilmək lazımdır. Hər kəs öz düşüncəsinə görə yuxuları yoza bilməz. Bunun üçün yuxu yozan kimsənin Quranda keçən təşbehləri və simvolik ifadələri bilməsi, yuxuları yozarkən bunlardan istifadə etməsi lazımdır. Bundan əlavə yuxu yozumuna dair yazılan əsərlərdən də istifadə olunması mümkündür.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARABAĞDAKI RUSİYA-TÜRKİYƏ BİRGƏ MONİTORİNQ MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIR

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Dağlıq Qarabağ zonasındakı...

Bağla