Biz düşünmədən yaşadığımızı iddia edə bilmərik. Çünki biz düşündüyümüz zaman var oluruq. Əvvəlcə bizə təqdim edilən hazır həyat düsturları haqqında düşünməliyik. Düşünmədən qəbul etdiyimiz bütün informasiyalar daha sonra bizim xeyrimizdən çox zərərimizə ola bilər. Belə ki, balıq üçün suda üzmək asan olsa da, quruda yaşayan başqa bir heyvan üçün su təhlükə mənbəyidir.
Bir işdə ilk addımlarımızı atmadan əvvəl bu işin bizim təbiətimizə və həyat tərzimizə nə qədər uyğun olub-olmadığına baxmağımız lazımdır. Əks təqdirdə bir addım önə, iki addım arxaya düşə bilərik. Bizim ayağımızın ölçüsü 40 razmerdirsə, ona bu razmerdən dar, yaxud bu razmerdən daha böyük bir ayaqqabı geyinməyimiz bizi narahat edəcək və hərəkətimizə maneələr törədəcək. Beləliklə, mənim üçün doğru olan sənin üçün, sənin üçün doğru olan isə onun üçün doğru olmaya bilər. Çünki bizim hər birimizin həyat hekayəsi fərqlidir. Həyatda qazanmaq və ya itirmək şəkillərimiz də fərqli olacaq. Bədənlərimiz qəbul edilən dərmanlara eyni reaksiyanı vermədiyi kimi, qazanılan uğurların da hamı üçün keçərli olması mümkün deyil. Bir amerikalının uğur hekayəsi ilə Afrikanın ən ucqar yerlərində heç bir təhsili olmayan birinin uğur qazanma şəkilləri və şansları eyni deyildir.
Uğur qazanmaq bir az da insanın həyatdakı baxış bucağına görə dəyişir. Çox insan standart baxış bucağına sahib olsa da, fərqli baxış bucağına sahib olan insanlar da var. Məhz həmin insanlar standart baxış bucağına sahib olan insanlardan fərqli olaraq yaşadıqları həyata fərqli baxdıqları üçün yeni ideyalar ortaya qoya bilir və bu da standart baxış bucağına sahib olan insanlar tərəfindən uğur olaraq qiymətləndirilir. Odur ki, başqalarından fərqlənmək, yeniliklərə imza atmaq və uğur qazanmaq istəyirsənsə, ilk növbədə baxış bucağını dəyişdirməyi bacarmalısan. Bəs bunu necə etmək olar?
Bunun üçün əvvəla uğur qazanmayan insanların həyat tərzinə baxmaq kifayətdir. Onlar üçün həyat bioloji zövqlərdən başqa bir şey deyil. Əgər gün ərzində bu insanların qarnı doyur, cinsi təlabatları yerinə yetirilir və heç bir yerləri ağrımırsa, deməli, həyatda onlar uğurlu bir yaşam şəklinə sahib olublar. Yox əgər bu üç təlabatdan biri yoxdursa, onlar üçün həyat yaşanılmayacaq qədər pis yerdir. Nəyisə dəyişmək və uğur qazanmaq istəyənlər isə, daha çox, tikilmiş hasarın üzərinə yeni bir kərpic qoymaq üçün çalışırlar. Belə demək mümkündürsə, dəyərli insanlar dəyərsiz işlərlə məşğul olmur.
İnsanlar o zaman dəyərli olur ki, xoşbəxt olduqlarını həqiqi mənada anlaya bilirlər. Hər insanın isə olduğu hər mövqedə xoşbəxtlik payı var. Bu da Allanın hər zaman ədalət sifətinin təcəlli etməsini göstərir. Biz ətrafımızda olan fiziki qüsurlu insanların xoşbəxt olmadığını, davamlı olaraq ilahi yaradılışa qarşı üsyan içərisində olduqlarını zənn edirik. Ancaq bu heç də belə deyil. Əslində fiziki qüsurlu insanların çoxu, demək olar ki, həyatlarından razı və xoşbəxt olduqlarını iddia edirlər. O insanların üstünlüyü də budur ki, onlar yarıya qədər içərisi su ilə dolu olan qabın boş tərəfini deyil, dolu hissəsini görürlər. Məhz həyatda uğur haqqında düşünərkən də mütləq həyata bu prizmadan baxmaq lazımdır. Biz hər zaman zəngin insanları xoşbəxt, kasıb insanları isə bədbəxt zənn edirik. Həyatda hər zaman uğur qazanaraq daha çox pul qazanacağımızı və bundan sonra daha çox xoşbəxt olacağımızı düşünürük. Ancaq biz xoşbəxtlik anlayışını içdiyimiz su kimi yox, udduğumuz hava kimi qəbul etməliyik. Tənəffüs etdiyimiz hava hər kəsin haqqıdır. Onu heç kimin əlindən almaq mümkün deyil. Varlığımızı davam etdirmək üçün yeyib içdiyimiz qidalar isə həyatda əldə etdiyimiz uğurlar kimidir.
Son olaraq unutmayın ki, uğur qazanmaq xoşbəxt olmaq demək deyil; xoşbəxt olmaq isə uğur qazanmaqdır… Eldar Kərimov