Quranda Rəbbimiz belə buyurur: “Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir” (Zəlzələ 7, 8). Dünyada baş verən hadisələrdə “misil” prinsipi hadisələrin ayrılmaz bir ünsürüdür. “Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik” (Ənbiya 47). Bu ayədə bildirildiyi üzrə, xırda olsun, böyük olsun hər bir əməl öz qarşılığını kamil əskiksiz tərzdə tapacaq. İlahi mərhəmətin genişliyi səbəblə yaxşı əməllər on misli ilə qarşılıq görərkən, pis əməllər sadəcə bir misli ilə əvəz olunur (Ənam 160). Heç kimin günahını başqa bir insan çəkməz (Ənam 164). Hər kəsin etdiyi yaxşılıq özünə olduğu kimi, elədiyi pislik və zülm də özünə aiddir ( İsra 7). Başqasına qazdığı quyuya, insan özü düşər (Fatir 43). Hər şeyin baş verməsi Allahın izni ilə olur (Ənam 59). İnsana üz verən yaxşılıq və yaxud pisliklərin kimdən və necə gəldiyindən daha çox, niyə gəldiyini araşdırmaq daha doğrudur. Nəticə etibarilə, insana gələn hər bir yaxşılıq Allahdandır, ona üz verən hər bir pislik isə insanın özündəndir (Nisa 79). Rəbbimiz belə buyurur: “İnsan üçün öz əməlindən başqa bir şey yoxdur” (Nəcm 39).
Qisasda həddi aşmaq qadağandır (Bəqərə 178). Dəyən zərər nə isə o qədəri ilə qarşılıq verilməlidir. Allah, həddi aşanları sevməz (Maidə 87). Peyğəmbər aleyhissalam əfəndimiz, doğma əmisini öldürən müşriklərdən qisas almaq istəyərkən belə, ona Rəbbimiz vəhy endirərək misli ilə qarşılıq verməsini əmr etdi (Nəhl 126). Axirət günündə Allahın ədaləti kamil şəkildə öz yerini tapacaq. Şahidlərin şahidlik edəcəkləri axirət günü, heç bir yerə qaçış olmayacaq. Tam “misilləmə” o gün yaşanacaq. Quranda belə buyurulur: “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər” (Yasin 65). Belə olduğu halda insan gördüyü əməllərin məsuliyyətindən axirətdə boyun qaçıra bilməyəcək.
Axirətdə bu cür vəziyyətin baş verməsi faktını qəbul etmək mümkündür, çünki o dünyada hər şey fərqli olacaq, oradakı hesab-kitab dünyadakı meyarlar ilə ölçülməyəcəkdir. Görəsən, elə bu dünyada ikən insanın əllərinin, dərilərinin, qulaq və gözlərinin danışması mümkündürmü? Qənaətimcə bu mümkündür. Belə ki, insanın əlləri, üzü və bir çox başqa orqanları həmin insan haqqında gizli məlumatlar daşıyır. Vücudumuzda dərin mənalar daşıyan yüzlərlə cizgi var. Təxəyyül edin ki, bir cihaz ixtira edilib və bu cizgiləri “oxuyur”, arxasınca insanın əməllərinin siyahısını çıxarıb özünə təqdim edir.
Rəşad Manafov