ZAVALLI ATA

0

Bu həyatda elə çətin vəziyyətlərlə qarşı-qarşıya qalırıq ki, hansı cəbhədən mövqe bildirməyimizi unuduruq yavaş-yavaş. Bir yolda yüzlərlə fərqli istiqamət görünür gözümüzə. Hara gedəcəyimizi, nə üçün gedəcəyimizi unudub, ayağım hara başım da ora fəlsəfəsinə əməl edirik. 

 Bunun səbəbini isə hərəmiz bir problemimizdə axtarırıq.  Özümüzü haqlı çıxardacaq yüzlərlə əsassız dəllilər ortaya qoyaraq, davranışımıza problem yaradan səbəbimizi əsaslandırmağa çalışırıq. Ancaq mənə elə gəlir ki, bizim sosial problemlərimiz yaşam tərzimizin və davranışlarımızın bütün sahələrinə təsir edib. Həddindən artıq ehtiyac içərisində yaşayanlar həddindən artıq bolluq içərisində yaşayanların məsxərəsinə çevrilib. Günü günə çətinliklə calamağın qorxusu dünəni düşünməməyimizə, sabaha nifrət etməyimizə gətirib çıxarıb. Sabah da bu acı günü yaşayacağıq deyə, qorxa-qorxa açırıq sabahlarımızı. Gözümuzdə hər zərrəni filə çevirib müşküllərin girdabında itiririk özümüzü.  Qardaşın qardaşa güvəninin itdiyi bir zamanda yaşayırıq artıq. Bir-birimizin ayağının altını qazıb, öz ayağımızın altına yığırıq ki, boyumuz hamıdan yüksək görsənsin. Bəlkə bizi ətrafdan yaxşı görüb qiymət verərlər.

Süni təbəssümlər, yalan vədlər, bir anlıq sevgilər hər şeyin dadını damaqlarda qoyub. Sanki insanlar vəhşiləşib. Doğmalar yadlaşıb, bizə əziz olan insanlar düşmənə çevrilib. Analar körpələrini bətnlərində ölümə, övladlar valideynlərini ahıl yaşlarında tənhalığa məhkum edir.

Bu hələ hamısı deyil. Deyiləcək o qədər söz, yazılacaq o qədər dərd var ki, yazmaqla qurtarmaq olmaz  bunları. Uzun sözün qısası, gəlin sizə bu günlərdə başıma gələn bir əhvalatdan danışım. Bəzi insanların var-dövlət sərxoşluğunda özünü itirib vəhşiləşməsindən, bəzilərinin də ehtiyaclar içərisində boğularaq acızləşməsindən.

Bəli, adi günlərdən bir gün idi. Hər gün olduğu kimi yolda tıxacla qarşılaşmayım deyə işdən bir saat gec çıxmışdım. Kitab çantamı əlimdə yavaş-yavaş yelləyə-yelləyə bir az yorğun, bir az da fikirli halda avtobus dayanacağına tərəf gedirdim. Saat altıdan bir saat keçdiyinə görə yolda bir o qədər maşın yox idi. Yolun qırağında mənim kimi işdən evə qayıdan, yorğunluğun əlamətləri üzlərindən görünən piyada insanlar da az deyildi. Uzaqdan, yolun aşağısından yuxarı doğru irəliləyən iki nəfəri görmüşdüm. Biri saçları kifayət qədər ağarmış bir kişi, yanındakı isə 13-14 yaşlarında bir qız uşağı idi. İlk baxışdan baxanda da görmək olurdu ki, kişi orta yaşlı olmasına baxmayaraq çətin həyat şəraitində saçı ağarmış və qaməti öz qəddini əymişdi. Mənə elə gəldi ki, bu dərdli adam əlindən möhkəm bir şəkildə yapışan yanındakı körpə qızın atasıdır. Ata və qızı yolun qırağında yavaş-yavaş öz yollarını gedirdilər. Birdən səs eşitdim. Həm tappıltı, həm də uşaq qışqırığı. Bir an keçdikdən sonra qara (s klass) mersedesin içərisindən ağlayan qız uşağına və uşağın əlindən tutub hadisəyə heyrətlə baxan bicarə ataya ünvanlanan nalayiq söyüşlər. Bəli bu qara mersedesin sürücüsü canından çox sevdiyi maşınının təkərini palçıqdan qaçırmaq üçün öz yoluyla gedən körpə qızın üstünə sürüb qızı vurmuşdu. Xoşbəxtlikdən qıza heç bir şey olmamışdı. Ancaq qorxu və qolunun ağrısından tir-tir əsir, için-için ağlayırdı. Atası sükut içərisindəydi. Qızını bağrına basmışdı. Mersedesin sürücüsü günahkar olduğu halda ona ağlına gələni deyir, o isə bağışla deməklə kifayətlənirdi. Sanki uşaq gedib onun maşınını vurmuşdu. Göbəyinin böyüklüyündən sükanın arxasından çıxa bilməyən sürücü öz təhqirlərini elə maşının içərisindən yağdırırdı. Sonda isə mersedesin sürücüsünə bağışla sözündən başqa bir söz deyə bilməyən ata, çarəsiz bir şəkildə qızının əlindən bərk-bərk tutub hadisə yerindən uzaqlaşdı.

Bu hadisə mənin gözümün qarşısında baş vermişdi. O gecə səhərə qədər yata bilmədim. İnsanların insanlara qarşı bu qədər laqeyd olduqlarını başa düşə bilmirdim. Öz-özlüyümdə atanı günahlandırırdım. Heç olmasa bir söz də o deyəydi kaş. Ancaq sonradan ataya haqq qazandırdım. Pulsuzluq insanı o qədər sıxır ki, haqlı olduğun halda haqqını tələb edə bilmirsən. Günahın olmadığı halda həm günahkar olursan, həm də sənə yağdırılan təhqirləri eşitməməzlikdən gəlirsən. Əks təqdirdə yenə ziyana uğrayan sən olacaqsan.

Hörmətli oxucular! İnsan oğlu çox qəribədir.  Həqiqi gücün və hakimiyyətin var-dövlətdə, maşında, vəzifədə olmadığını tez unudur. Bunlar hər biri keçici, insanlıq isə əbədidir. Bu gün qara mersedes səndə, sabah vurub təhqir etdiyin o qızcığazın atasında ola bilər. Kasıb və ya kimsəsiz olduqları üçün təhqir yox, insanlara insan olduqları, ən azından bizdən biri olduqları üçün dəyər verək. İnsanların hafizəsində əbədi nifrət obyektinə çevrilən qara mersedes sürücüsü kimi yox, qızını mərhəmətlə bağrına basaraq səssiz və sədasız bizdən uzaqlaşan ata kimi qalmağı bacarmalıyıq. Necə ki, mənim hafizəmdə o gündən belə qaldı… 

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Ötən il ölkə əhalisinin sayı 88 104 nəfər və ya 0,9% artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 milyon...

Bağla